Faydalı məlumatlar

Siqaret çəkməyin saça ziyanı

Siqaret çəkməyin saça ziyanı
Siqaret çəkmək fiziki zərərlə yanaşı, erkən yaşlanma və saç tökülməsi kimi kosmetoloji, həm də siqaret çəkənin psixologiyasına mənfi təsir göstərə biləcək vəziyyətlərin yaranmasına səbəb olur. Saç tökülməsinə səbəb siqaretin tərkibindəki “nikotin və karbonmonoksit” maddəsidir. Son illərdə sağlamlığa daha az zərərli olduğu iddia edilən elektron siqaretlərin tərkibində də ənənəvi siqaretlərin tərkibindəki kimi nikotin var.

Aparılan araşdırmaların nəticələrinə görə, siqaretin saç köklərindəki DNT strukturunu pozması və qan dövranına təsir etməsi kimi mənfi nəticələri zamanı saçların keyfiyyəti aşağı düşür, saçlar incələşir və saçlarımız tökülməyə meyilli olur.

Siqaret çəkmək orqanizmin immun sistemini aşağı salaraq, bədənimizi ümumilikdə bir çox xəstəliyə qarşı həssas vəziyyətə gətirir. Bu xəstəliklərin bir çoxu saç tökülməsinə səbəb olur. Bu birbaşa olmasa da, müxtəlif xəstəliklər nəticəsində yaranan, saç tökülməsinə dolayı yolla təsir edən faktordur. Məsələn, Tayvanda yaşı 40-dan yuxarı olan 700-dən çox kişi üzərində aparılan araşdırmaya əsasən, gündə 20-dən çox siqaret çəkən insanların keçəlləşmə nisbətinin daha yüksək olduğu ortaya çıxmışdı. Tədqiqatçılar siqaretin tük follikullarının genetik quruluşunu zədələdiyini düşünürlər.

Siqaretin saç tökülməsinə səbəb olduğu düşünülsə də və bu istiqamətdə ciddi göstəricilər olsa da, saç tökülməsinə səbəb olan ən əsas faktorun siqaret olduğu iddia edilə bilməz. Digər tərəfdən, araşdırmalar saç tökülməsi ilə siqaret arasında əhəmiyyətli bir əlaqə olduğunu göstərsə də, hələ bu mövzuda bir meta-araşdırma olmadığı üçün “Siqaret mütləq saç tökür” deməyin tez olduğunu söyləyə bilərik. Saç tökülməsinin ən böyük səbəbi genetik faktorlara görə yaşla artan DHT (Dihidrotestosteron) hormonudur.

Bu günə qədər saç tökülməsinin qarşısını almaq üçün istifadə edilən müalicə üsullarının əsas mahiyyəti DHT hormonunun yaranmasının qarşısını almaq və DHT hormonunu aradan qaldırmaqdır. Bundan əlavə, düzgün qidalanma, stressdən uzaq olmaq, nizamlı yaşamaq saç tökülməsi üçün əlimizdə olan ən əhəmiyyətli silahlardır.